ChatGPT nədir? Necə istifadə edilir?

Baxılıb: 415
Tarix: 15/05/2023

"ChatGPT" nədir?

"ChatGPT" "OpenAI" şirkəti tərəfindən proqramlaşdırılmış bir dil modelidir. GPT abreviaturunun açılışı "Generative Pre-trained Transformer" şəklindədir. Bu dil modeli bu günə qədər ən təkmilləşdirilmiş NLP (Neuro Linguistic Programming) əsaslı süni intellekt (AI) texnologiyasıdır. 

Əlbəttə ChatGPT süni intellektlə dəstəklənən ilk çatbot deyil. Lakin qısa zamanda səs-küyə səbəb olan "ChatGPT"nin hətta "Google" kimi nəhəngi geridə qoyacağını düşünənlər var. Nəzərə almaq lazımdır ki, bu fikirlər hələ istifadəçilərin ötən ilin noyabrın sonunda istifadəyə verilən prototiplə tanışlığından sonra səsləndirilirdi  "OpenAI" isə bu texnologiya üzərində durmandan işləyərək onu təkmilləşdirir, artıq GPT-4 versiyasını təqdim edib. İstifadəçilər ilk versiyadan ödənişsiz şəkildə istifadə etsələr də, plus kateqoriyalı versiya aylıq abunəliklə təqim olunur. Hazırki tarifə əsasən 1 aylıq abunəlik 20$-dır.

"ChatGPT"dən hansı məqsədlərlə nə necə istifadə edilir?

İndi isə "ChatGPT"nin xüsusiyyətləri barədə danışaq. İstifadəçilər bu süni intellekt çatbotu ilə rahatlıqla ünsiyyət qura və ondan istənilən sualın cavabını istədiyi dildə və formada ala bilərlər. Biz bu çatbotdan esse, roman, şeir və ya skript yazmağı, mətni tərcümə etməyi, hər hansı yazının tərzini dəyişdirməyi belə istəyə bilərik. "ChatGPT" istənilən mövzu və sahə ilə bağlı sualı, tapşırığı saniyələr içində anlayır və cavablamağa başlayır. Hətta bəzən sualı göndərdiyin andan 1 saniyə sonra artıq cavab qarşında peyda olur. Ödənişsiz versiyada bu süni intellektin ingilis dili istisna olmaqla, digər dillərdə sorğuları anlamasında və cavablamasında müəyyən çatışmazlıqlarla qarşılaşa bilərsiniz. Lakin plus versiyalarda artıq bu məsələ üzərində işlənilir və təkmilləşdirilir. Hətta proqramçılar yazdıqları kodları təkmilləşdirmək üçün və ya səhvləri təyin etmək üçün ondan kömək istəyirlər.

"ChatGPT" təhsil sahəsinə də təsirini göstərib. Bu çatbotu araşdırma və məlumat əldə etmək üçün istifadə edənlərlə yanaşı, onlayn imtahanlarda və tapşırıqların həlli zamanı "yararlanan" şagird və tələbələr də az deyil. Son qeyd etdiyim məqam heç də hər kəs tərəfindən birmənalı qarşılanmır.

Nə qədər faydalı və nisbətən zərərli tərəflərindən danışsaq da, insanları daha çox qorxudan məqamlar da var. Çünki bu texnologiya sanki sonsuz məlumat bazasına malikdir və zamanla şirkətlərdə müəyyən tapşırıqların icrası üçün "kreslo"ları zəbt edə bilər. "ChatGPT"nin yüzlərlə insanları işsiz qoyacağını düşünənlər də çoxdur, amma əlbəttə ki, bunu zamanla görəcəyik.